"ABŞ-nin Yaxın Şərqə qüvvə göndərməsi böyük savaşın xəbərçisidir"
İsrail Livandakı Hizbullah hədəflərinə qarşı əməliyyat keçirməyə başlayıb. Nəticədə yüzlərlə insan həyatını itirib, mindən çoxu isə yaralanıb.
Hələ Fələstinlə müharibəni bitirməyən İsrail "Hizbullah"la müharibəni nə qədər davam etdirəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Turab Rzayev bildirdi ki, Yaxın Şərqdəki münaqişə getdikcə daha da ciddiləşəcək.
"Görünən odur ki, İsrail burda təkcə havadan yox, eyni zamanda quru əməliyyatlar keçirmək istəyir. Çünki İsrail ordusu İsrailin şimalında öz evlərini tərk edən 60 min əhalinin qaytarılması, eyni zamanda Hizbullah nəzarətində olan infrastrukturun dağıdılması hədəflərini ortaya qoyub. Nəzərə alsaq ki, Livanın cənubuna Hizbullah nəzarət edir və havadan zərbələrlə infrastrukturu tamamilə dağıtmaq yox etmək mümkün deyil, ona görə də yerüstü əməliyyat hədəfləyirlər və bu da münaqişənin çox genişlənə biləcəyini göstərir. Eyni zamanda İsrailin və İranın açıqlamaları göstərir ki, münaqişə getdikcə böyüyə bilər və böyük müharibəyə çevrilə bilər. Bu Livan tarixinin 75-ci, 90-cı illərdəki vətəndaş müharibəsindən bəri ən yüksək günlük itki verdiyi bir tarixdir".
Siyasi şərhçinin sözlərinə görə, ABŞ-nin Yaxın Şərqə qüvvə göndərməsi böyük savaşın xəbərçisidir.
"ABŞ-nin bölgəyə əlavə ordu göndərməsi suallar yaradıb. Çünki ABŞ-nin hazırda bölgədə 40 min hazır silahlı əsgəri var və ABŞ yeni silahlı qüvvə göndərib, onun da miqdarını bəlli etmir. Bu isə onu göstərir ki, bölgədə böyük təhlükə riski var və ya elə bir böyük regional savaş çıxa bilər ki, hətta ABŞ-nin oradakı 40 min nəfərlik personalı buna bəs edə bilməz. Yaxud da ola bilsin ki, burada ABŞ sadəcə simvolik olaraq göstərir ki, o yenə də İsrailin yanındadır", - deyə T.Rzayev bildirdi.
Türkan İSGƏNDƏRLİ