Zelenski ABŞ-də senatorlarla görüşəcək

 22:11 24.09.2024     61

Bir qrup amerikalı qanunverici sentyabrın 26-da Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti Konqres Senatındakı demokratların lideri Çak Şumerin ofisinə (Nyu-Yorkdan) istinadən məlumat verib.

Şumerin təşkil etdiyi görüş Kapitolidə baş tutacaq. Toplantıda hər iki partiyanın deputatları iştirak edəcək.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson (Respublikaçı, Luiziana) keçirdiyi mətbuat konfransında Zelenski ilə görüşməyi planlaşdırıb-planlamadığı ilə bağlı suala belə cavab verib: “Bunun planlaşdırılıb-planlaşdırılmadığını bilmirəm”. O qeyd edib ki, Amerika hökumətinin əlavə maliyyələşdirilməsi məsələsinin həlli zərurəti ilə əlaqədar sentyabrın 26-na olan planlar sürətlə dəyişir. "Ona görə də bunun necə getdiyini görəcəyik", - Conson deyib.

Qeyd edək ki, Volodimir Zelenski hazırda ABŞ-dədir. Ağ Evin daha əvvəl bildirdiyi kimi, Amerika Prezidenti Co Bayden sentyabrın 26-da Zelenski ilə sülh planını müzakirə edəcək. Ukrayna liderinin vitse-prezident və demokratların ən yüksək hökumət postuna namizədi Kamala Harrislə də görüşü gözlənilir.

Turan İSMAYIL