Hizbullah İsrail hərbi dəniz bazasına zərbə endirdi

 22:37 24.09.2024     210

Livanın "Hizbullah" şiə hərəkatının döyüşçüləri Aralıq dənizindəki Atlit bazasında İsrail Hərbi Dəniz Qüvvələrinin 13-cü flotiliyasının (Şayetet 13) qərargahına hücum ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında dərc olunan məlumatda deyilir.

Hücumun pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyi qeyd edilir. Nəzərdə tutulan hədəfin vurulduğu bildirilir.

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda bir sıra rabitə cihazlarının partladılmasından sonra İsrail və Hizbullah arasında münaqişənin kəskinləşməsinin yeni mərhələsi başlayıb. Livan hərəkatı partlayışları təşkil etməkdə İsraili günahlandırıb, rəsmilər hadisəni birbaşa şərh etməyib, lakin şimal istiqamətində hərbi əməliyyatların intensivləşdiyini bəyan ediblər. Bundan sonra İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı sərhəd bölgələrinə kütləvi hücumlar etməyə başladı və Beyruta da hücum etdi. Daha sonra Yəhudi Dövlətinin müdafiə Naziri Yoav Qalant Livan boyu hərbi obyektlərə, raket anbarlarına və Hizbullah komandanlığına qarşı hücumların genişləndirildiyini açıqlayıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində respublikada ölənlərin sayı 550 nəfəri keçib, 1,8 mindən çox insan yaralanıb.

Turan İSMAYIL