G20 ölkələri BMT və ÜTT-də islahatlar aparmağa söz verdilər

 23:35 25.09.2024     145

İyirmilik Qrupu (G20) ölkələrinin xarici işlər nazirləri Nyu-Yorkda keçirilən toplantıda BMT və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) daxil olmaqla, əsas beynəlxalq təşkilatlarda islahatların aparılması barədə razılığa gəliblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə G20-yə sədrlik edən Braziliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Braziliyanın təşəbbüsü ilə G20 üzvləri BMT və ÜTT kimi əsas beynəlxalq təşkilatların islahatları və modernləşdirilməsi üzrə öhdəlikləri özündə əks etdirən “Qlobal İdarəetmə İslahatları üzrə Fəaliyyətə Çağırış” adlı sənəd qəbul etdilər. Sənəd həmçinin beynəlxalq maliyyə arxitekturasının təkmilləşdirilməsi zərurətinə işarə edir”, - Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İclasın sonunda qəbul edilən mətndə qeyd edilir ki, ölkələr “BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağı öhdəsinə götürür”. Dəyişikliklər onun tərkibinə, səmərəliliyinə və şəffaflığına təsir göstərməlidir. Sənəddə vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının “Afrika, Asiya-Sakit okean regionu, Latın Amerikası və Karib hövzəsi kimi az təmsil olunan və ya təmsil olunmayan region və qrupların təmsilçiliyini yaxşılaşdıracaq genişləndirilmiş tərkibə ehtiyacı var”.

Razılaşdırılmış sənəddə G20 ölkələri “Dünya Bankının qlobal çağırışlarla mübarizədə köməyə ehtiyacı olan aşağı və orta gəlirli ölkələri dəstəkləmək imkanlarını genişləndirmək üçün böyük həcmdə güzəştli maliyyələşdirməni birgə səfərbər etmək” ideyasını da dəstəkləyiblər.

Turan İSMAYIL