Ərdoğan Ukrayna ilə bağlı konfrans təşkil etməyə hazır olduğunu AÇIQLADI

 22:36 26.09.2024     54

Türkiyə Ukrayna münaqişəsinin həlli üçün sülh konfransı təşkil etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz bu konfransda olmağa hazır olduğumuzu bildirdik. Həm xarici işlər naziri Hakan Fidan, həm də kəşfiyyat təşkilatımız onlarla əlaqə saxlayacaq. Ümid edirik ki, Türkiyə olaraq bölgədə sülhün bərqərar olmasında iştirak edəcəyik”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan əlavə edib ki, Ukrayna münaqişəsi dialoq və diplomatiya yolu ilə həll edilə bilər. Prezidentin sözlərinə görə, prosesin bütün iştirakçılarının buna inanması zəruridir, lakin indiki vəziyyətdə belə nəticə çox uzaqdır.

Sentyabrın 24-də Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı bildirib ki, dünya Ukraynadakı münaqişənin həllindən hələ də uzaqdır. Türkiyə liderinin sözlərinə görə, Moskva ilə Kiyev arasında münaqişə üç ildir ki, davam edir. Ərdoğan xəbərdarlıq edib ki, silahlanma yarışı sürətləndikcə diplomatiya üçün məkan daralır.

Sentyabrın 25-də Türkiyə Prezidenti ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirib, o, atəşkəs və taxıl sazişi ilə bağlı vədlər verib.

Turan İSMAYIL