Çin gömrük tariflərinin artırılması ilə bağlı araşdırma başlatdı

 11:00 27.09.2024     165

Kanadanın Çindən idxal edilən elektrik avtomobilləri, polad və alüminium məhsullarına tətbiq etdiyi əlavə gömrük tariflərinə qarşı tədbir görülüb.

Redaktor.az xəbər verir ki, Çin Ticarət Nazirliyindən verilən açıqlamada, təhqiqatın tarif artımları ilə yanaşı, Çin məhsullarının dövlət subsidiyaları və təşviq proqramlarından seçici şəkildə çıxarılmasının da araşdırılacağı bildirilib.

Açıqlamada istintaq prosesinin ümumilikdə 3 ay davam etdiyi, lakin xüsusi hallarda uzadıla biləcəyi, Kanadanın 30 gün ərzində hökumətlərarası danışıqlar tələb edə biləcəyi deyilib.

Çin ilk dəfədir ki, gömrük tariflərinin artırılması ilə bağlı bir ölkəyə qarşı “ayrı-seçkilik” səbəbi ilə istintaq başlatır. Əvvəllər ABŞ Çindən idxal edilən eyni məhsullara eyni tariflərlə əlavə gömrük tarifləri elan etmiş, Avropa İttifaqı (Aİ) isə Çindən idxal edilən elektriklə işləyən avtomobillərdə apardığı subsidiya araşdırmasından sonra gömrük tariflərini artırmağa qərar vermişdi.

Qeyd edək ki, Kanadada baş nazir Castin Trüdonun rəhbərlik etdiyi hökumət avqustun 26-da Çindən idxal edilən elektrik avtomobillərinə oktyabrın 1-dən 100 faiz, oktyabrın 15-dən isə alüminium və polad məmulatlarına 25 faizlik tarif tətbiq edəcəyini açıqlamışdı.

Çin sentyabrın 6-da Kanadaya qarşı şikayət edərək, tarif artımlarının və digər məhdudlaşdırıcı tədbirlərin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına zidd olduğunu iddia edib.

Sevinc İBRAHİMZADƏ