Ər-Riyad Fələstin-İsrail həllini həyata keçirmək üçün beynəlxalq koalisiya yaradır

 23:55 27.09.2024     64

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud Fələstin-İsrail münaqişəsinin iki dövlətli həll yolu ilə həllinə kömək edəcək beynəlxalq koalisiyanın yaradıldığını açıqlayıb.

Redaktor.az "Əl Ərəbiyyə" telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri müvafiq təşəbbüsü Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Norveç nümayəndələrinin BMT Baş Assambleyası çərçivəsində keçirilən iclasında açıqlayıb.

"Ərəb və islam ölkələri, eləcə də avropalı tərəfdaşlarımız adından iki dövlət həllini həyata keçirmək üçün beynəlxalq koalisiyanın yaradılmasını elan edirik. Sizi Səudiyyə Ərəbistanında keçiriləcək ilk iclasda iştirak etməyə dəvət etməkdən məmnunam. İki dövlət həllinin həyata keçirilməsi münaqişələr spiralını dayandırmaq və bütün regionun, o cümlədən İsrailin təhlükəsizlik və dinc yanaşı yaşaması şəraitində yaşayacağı yeni reallıq yaratmaq üçün ən yaxşı yoldur”, - telekanal nazirdən sitat gətirir.

Səudiyyə Ərəbistanının yeni təşəbbüsü “ümumi məqsədlərə və arzu olunan sülhə nail olmaq üçün praktiki planın” hazırlanmasında geniş beynəlxalq iştiraka çağırır. "Biz ədalətli və hərtərəfli sülhə doğru etibarlı və dönməz yol tapmaq üçün hər cür səy göstərəcəyik", - Feysəl bin Fərhan deyib.

Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell özünün X səhifəsində koalisiya iştirakçılarının ilk görüşlərinin Ər-Riyad və Brüsseldə baş tutacağını yazıb.

Turan İSMAYIL