Paşinyan BMT kürsüsündə yalan danışaraq, dünya ictimaiyyətini aldatmağa çalışır

 14:59 28.09.2024     74

Paşinyan, həmişəki kimi, dünya ictimai rəyi qarşısında sülh tərəfdarı kimi görünmək istəyir və sanki sülh sazişinin tərəfdarı kimi çıxış edir.

Redaktor.az bildirir ki, bunu Trend-in suallarını cavablayarkən Türkiyənin Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışının əhəmiyyətli hissəsini Azərbaycanla davam edən sülh sazişi prosesinə ayırdı.

"Çıxışında, əvvəlkilərdən fərqli olaraq, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasında dalana dirənmədən yox, əksinə, iki ölkə arasında sülhün mümkün olduğunu bildirdi. Doğrudanmı, Paşinyan bu çıxışı əminliklə söyləyib? Yoxsa əsl niyyətlərini gizlədərək, dünya ictimai rəyini aldatmağa çalışıb? Yəni o, həqiqətənmi, "sülh göyərçini" olmaq niyyətindədir? Yoxsa qoyun dərisinə bürünmüş canavar olmağa çalışır? Bu sualların cavablarını hərəkətlərində görmək mümkündürmü?

Məncə, bu sözlər Paşinyanın həqiqi fikirləri deyil. Paşinyan, həmişəki kimi, dünya ictimai rəyi qarşısında sülh tərəfdarı kimi görünmək istəyir və sanki sülh sazişinin tərəfdarı kimi çıxış edir. Amma reallıqda o, adi ikiüzlü siyasi ənənəsinə sadiq qalaraq, dünyanı çaşdırmağa çalışır.

O, bir tərəfdən sülhdən danışarkən, digər tərəfdən də hərbiləşdirmə siyasəti aparır, ölkəsini silahlandırır. Bir tərəfdən Ermənistan sülh deyir, digər tərəfdən isə Azərbaycan əleyhinə qara təbliğat təşkil edir. Erməni lobbisinin nəzarətində olan və onunla əməkdaşlıq edən dairələr, media və hüquq-müdafiə təşkilatları durmadan Azərbaycana hücumlar edir.

Erməni lobbisinin təşəbbüsü və dəstəyi ilə ABŞ və digər ölkələrin qanunvericilik orqanlarında tədbirlər təşkil edilir, qərarlar qəbul edilir. Əslində, bu siyasət təkcə Paşinyanın irəli sürdüyü siyasət deyil. Cənubi Qafqazda nüfuz qazanmaq istəyən Qərb dünyası, xüsusən də Fransa Paşinyanla eyni siyasəti aparır. Burada Paşinyandan alət kimi istifadə edərək, Azərbaycana təzyiq etmək istəyirlər. Ona görə də Paşinyanın BMT kürsüsündə dediklərini praktikada həyata keçirməyə gücü çatmır. Bir tərəfdən Qərb dövlətlərinin, xüsusən də Fransa və ABŞ-nin tabeliyində siyasət yürüdən, digər tərəfdən isə diasporla məhdudlaşan Paşinyanın müstəqil siyasət yürütməsi mümkün görünmür. Bunu çox yaxşı bilin, Paşinyan BMT kürsüsündə yalan danışaraq, səlahiyyətsizliyini gizlətməyə çalışır", - deyə o bildirib.