"İsrail Yaxın Şərqə və dünyaya "od vurur"" - Ərdoğandan İslam ölkələrinə ÇAĞIRIŞ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi bildirib ki, İsrail hakimiyyətinin hərəkətləri təkcə bütün regiona deyil, bütövlükdə dünyaya mənfi təsir göstərir.
Redaktor.az xəbər verir ki, Türkiyə liderinin sözlərini "Anadolu" agentliyi sitat gətirir.
“Qan və nifrətdən kor olan radikal sionistlərin kiçik bir qrupu regionu və dünyanı yandırır. Biz heç vaxt bu zülmlə razılaşmayacağıq”, - deyə Ərdoğan bildirib.
Türkiyə Pprezidenti əlavə edib ki, indiki vəziyyətdə Fələstini və Livanı dəstəkləmək “bəşəriyyəti, sülhü və müxtəlif dinlərə mənsub insanlar arasında birgəyaşayış mədəniyyətini dəstəkləmək” deməkdir. Ərdoğan vurğulayıb ki, İslam ölkələri Qəzza zolağı, İordan çayının qərb sahili və Livandakı zülmə ən sərt şəkildə cavab verməlidir.
Qeyd edək ki, Ərdoğan mütəmadi olaraq İsrail rəhbərliyini Qəzza zolağında, indi də Livandakı hərəkətlərinə görə tənqid edir. İsrail rəsmiləri də öz növbəsində Türkiyə prezidentini bu cür bəyanatlarına görə qınayırlar. Bundan əlavə, Türkiyə lideri BMT Təhlükəsizlik Şurasını son bir ildə fəaliyyətsizliyinə görə tez-tez tənqid edib.
Sentyabrın 23-də İsrail Müdafiə Qüvvələri Livanda Hizbullahın hərbi infrastrukturuna qarşı “önləyici hücum əməliyyatı”na başladığını elan edib.
Sentyabrın 28-də məlum olub ki, Hizbullah lideri Həsən Nəsrullah İsrail Hərbi Hava Qüvvələrinin qırıcısının təşkilatın Beyrutun cənubundakı yeraltı qərargahına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Məlumatı qurumun özü də təsdiqləyib.
Nəsrullahın öldürülməsi əməliyyatı zamanı İsrail Beyrutun cənub ətrafına 85 tonluq bomba atıb.
Turan İSMAYIL