"Dünya yeni müharibəyə doğru sürüklənir" - AÇIQLAMA

 17:57 01.10.2024     113

İsrailin Livana, xüsusilə də Hizbullah təşkilatına hücumundan sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Son xəbərlərə görə, Hizbullah Təl-Əvivi vurmaqla əks-hücuma başlayıb. İsrail Fələstinlə müharibə şəraitində olmasına baxmayaraq, Livana hücum edərək niyə risk gedir? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan professor Qulu Məhərrəmli bildirdi ki, müharibənin arxasında İran dayanır.

"Bu gün bölgədə çox mürəkkəb proseslər gedir. Fələstin-İsrail qarşıdurması, terrorçu təşkilatlarla İsrail arasında gedən savaş özünün pik nöqtəsinə çatıb. Yəni burada əlbəttə ki, məlum olan odur ki, həmin qruplaşmaların arxasında İran dayanır. Ona görə də İsrail İrana çox ciddi şəkildə xəbərdarlıq edib. HƏMAS-dan sonra indi Hizbullahla savaşın başlanması, hadisələrin açıq müharibə müstəvəsinə keçməsi deməkdir. Ona görə də İranın bu işə qarışması, hesab edirəm ki, daha böyük fəlakətlərə səbəb ola bilər. Həmin qrupları maliyyələşdirən, həm ideoloji dəstək verən, hərbi, siyasi, maliyyə dəstəyi göstərən İran indi ehtiyatlı davranır".

Onun sözlərinə görə, bu müharibələr dünya və cəmiyyət üçün çox təhlükəlidir. 

"Həm Qərb, həm də İsrail İrana xəbərdarlıq edir. Ancaq görürlər ki, buna əhəmiyyət verilmir, konkret Livan, Beyrut bombalanır. Ona görə İranın bu məsələlərə qarışması daha böyük fəlakətlərə səbəb ola bilər. Faktiki olaraq bu məsələlərdə də İran təklənmiş vəziyyətdədir. İsrailə qarşı terror aktlarının, hücumların arxasında İranın dayandığı birmənalı şəkildə bəllidir. Ona görə İsrailin bu müharibəni aparmaq üçün özünün təhlükəsizliyini qorumaq üçün ciddi əsasları var. Hesab edirəm ki, BMT-də aparılan müzakirələr bir daha onu göstərir ki, bu gün dünya yeni bir müharibəyə doğru sürüklənir və bu, bütün bəşəriyyət üçün təhlükəldir", - deyə Qulu Məhərrəmli bildirdi.

Türkan İSGƏNDƏRLİ