Bu ölkədə 65 min polisin şəxsi məlumatları oğurlandı

 23:11 02.10.2024     90

Niderland kəşfiyyat xidmətləri bütün polis məmurlarının adlarının və iş əlaqə məlumatlarının oğurlanması ilə nəticələnən kiberhücumun arxasında başqa bir ölkənin olduğuna inanır.

Redaktor.az xəbər verir ki, bu barədə NOS telekanalı ədliyyə və təhlükəsizlik naziri David van Vielin milli parlamentə göndərdiyi notaya istinadən məlumat yayıb.

Söhbət hansı ölkədən getdiyi açıqlanmır.

Kiberhücum nəticəsində 65 min Hollandiya polisinin demək olar ki, hamısının iş əlaqə məlumatları oğurlanıb. Buraya adlar, e-poçt ünvanları və telefon nömrələri daxildir. Bəzi hallarda şəxsi məlumatlar da oğurlanıb.

Van Viel qeyd edib ki, kəşfiyyat qurumları bir müddətdir ki, bir sıra ölkələr tərəfindən hücum kiber əməliyyatlarının artması ilə bağlı xəbərdarlıq edir. "Biz bu pozuntuya çox ciddi yanaşırıq. Polis milli təhlükəsizlik tərəfdaşlarımızla birlikdə zabitləri qorumaq və daha çox zərərin qarşısını almaq üçün mümkün olan hər şeyi edir", - o deyib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ən həssas funksiyaları yerinə yetirən, o cümlədən gizli işləyənlər təşkilat daxilində daha da qorunur. Onların məlumatları hakerlərin əlinə keçməyib.

Turan İSMAYIL