Bu ölkələr də Yaxın Şərqdəki müharibəyə qoşulacaq - AÇIQLAMA
Yaxın Şərqdəki müharibə dünyanı narahat etməyə davam edir. Artıq bir çox ölkə münaqişənin dayanması ilə bağlı çağırışlar ediblər. Bunlardan biri də Türkiyədir. Qardaş ölkə İsrailin Livandan sonra Türkiyəyə hücum edəcəyini də bildirib.
Bəs bu müharibə daha nə qədər genişlənə bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, münaqişənin gedişatı İsrailin hədəflərindən asılıdır.
"Yaxın Şərqdəki vəziyyət İsrailin niyyətlərindən asılıdır. Əgər İsrailin məqsədi "Hizbullah"ı İsrailin şimalına sıxışdırmaq və orada bir tampon bölgə yaratmaqdırsa, düşünürəm ki, İsrailin ona gücü çatacaq. Yox, İsrailin məqsədi bütövlükdə Livanı işğal etmək, bölgədə genişlənməkdirsə, o halda düşünürəm ki, bu çox da sadə olmayacaq və çox ciddi qarşıdurma yaranacaq. Hətta digər ölkələr, dövlətlər, təşkilatların da bu münaqişəyə qatılmaq reallığı meydana çıxa bilər".
Politoloqun sözlərinə görə, digər ölkələrin də müharibəyə qoşulması ilə vəziyyət daha da genişlənə bilər:
"Konkret olaraq indi İranla İsrailin münasibətləri elədir ki, İran hər dəqiqə bu qarşıdurmanı gücləndirə bilər. Amma İsrail "Hizbullah"ı deyil, əgər Livanı hədəf seçirsə, o halda Suriyanın da, İraqın da, başqa dövlətlərin də bu münaqişəyə qatılmaq riski çoxalır. Hətta digər ərəb ölkələrinin də etirazlarının bir formada münaqişəyə qatılacağını ehtimal etmək olar. Yəni o baxımdan hər şey İsrailin hədəflərindən və niyyətlərindən asılıdır".
Türkan İSGƏNDƏRLİ