“Vanna otağıma dinləmə cihazı yerləşdirmişdi” - Consondan Netanyahu ETİRAFI

 23:56 03.10.2024     267

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson tezliklə nəşr olunacaq memuarında İsrailin baş naziri Benyamin Netanyahunun Britaniya Xarici İşlər Nazirliyində şəxsi vanna otağından istifadə etdiyini və sonra otaqdan dinləmə cihazı tapıldığını bildirib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Boris Conson tezliklə siyasi həyatı ilə bağlı xatirə kitabını dərc edəcək. İngiltərə mətbuatı tərəfindən hissə-hissə dərc olunmağa başlayan memuarında Conson İsrailin baş naziri Netanyahunun 2017-ci ildə İngiltərəyə səfəri ilə bağlı maraqlı hadisələri qələmə alıb.

2016-2018-ci illər arasında xarici işlər naziri vəzifəsini icra edən Conson, səfər zamanı Netanyahunun İngiltərə Xarici İşlər Nazirliyində şəxsi vanna otağından istifadə etdiyini və təhlükəsizlik xidmətinin daha sonra orada dinləmə cihazı tapdığını açıqlayıb.

Conson əlavə məlumatların kitabın növbəti səhifələrində olduğunu bildirib. Digər bir məsələ ondan ibarətdir ki, həmin dövrdə İsrail Ağ Evə dinləmə cihazı yerləşdirməkdə də ittiham olunub.

Vasif ƏLİHÜSEYN