Xamenei İsrailə və ABŞ-yə meydan oxudu - Cümə xütbəsinə snayperlə ÇIXDI

 16:55 04.10.2024     356

İran İslam Respublikasının ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün 4 illlik fasilədən sonra ilk dəfə Tehranda cümə namazına çıxıb.

Redaktor.az xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, Tehran əhalisi Xameneini dinləmək üçün cümə namazına axın edib.

Xamenei cümə namazı zamanı çıxışında İsrailə və onun tərəfdaşlarına sərt mesajlar verib.

Digər tərəfdən, o, kürsüdə çıxışı zamanı əlində snayper tüfəngi tutub. Dünya mətbuatı bunu “savaş mesajı” kimi şərh edib.

İranın ali rəhbəri müsəlmanları həmrəy olmağa çağırıb: "Əsas məqsəd İslam dünyasının birliyi olmalıdır. Müsəlman ölkələri birləşməlidir. Onlar öz aralarında birlik yaratmalıdırlar. Bu birliklə biz istənilən düşməni məğlub edəcəyik. Dünyanın şərinin və İslam düşmənlərinin də strategiyaları var. Onlar parçalamaq və idarə etmək istəyirlər. Bizi öz aramızda ayırmağı istəyirlər. Bu strategiya İslam ölkələrini parçalayır”.

Xamenei daha sonra deyib:

“İran İslam Respublikasının düşməni Fələstinin düşmənidir, Misirin düşmənidir, Livanın düşmənidir, Suriya və Yəmənin düşmənidir. Düşmən eynidir, amma üzləri fərqlidir. Bəzi hallarda psixoloji savaşa girir, bəzən iqtisadi savaşa girir, bəzən bomba atır, bəzən də bunu təbəssümlə edir. Düşmən eynidir, əmr bir yerdən gəlir. Bu, bütün İslam dünyası üçün çox ciddi həyəcan təbili çalır. Biz bir olmalıyıq”.

O bildirib Fələstin xalqının özünü müdafiə etmək hüququ var.

“Fələstinlilərin həyatını məhv etdilər. Fələstin fələstinlilərə məxsusdur. Heç kim deyə bilməz ki, Livanda edilənlər qanunidir. Bütün bu hücumlar beynəlxalq hüquqa ziddir. Fələstinlilərin və livanlıların özlərini müdafiə etmək hüququ var”.

Xamenei İranın İsrailə etdiyi raket hücumuna haqq qazandırıb və bunu tamamilə qanuni hesab edib. O deyib ki, lazım gəlsə, İran Silahlı Qüvvələri  yeni hücum edəcək:

“Biz tələsməyəcəyik. Düzgün olanı hesablayacağıq. Biz tərəddüd etməyəcəyik”.