Şirkət tətil edənləri işə qayıtmağa çağırdı

 17:12 07.10.2024     193

"Samsung India Electronics" şirkəti sentyabrın əvvəlindən tətil edən Tamil Nadudakı fabrikinin işçiləri ilə danışıqlara hazır olduğunu açıqlayıb.

Redaktor.az bu barədə “Press Trust of India” (PtoI) agentliyinə istinadən xəbər verir.

Şirkət sözçüsü bildirib ki, məqsəd işçilərlə birbaşa danışıqlar yolu ilə əmək haqqı, müavinət və iş şəraiti daxil olmaqla bütün məsələləri həll etməkdir. Şirkət tətil edənləri işə qayıtmağa çağırıb. Tətilçilər ilə görüşmək qərarı münaqişənin tezliklə həllində təkid edən Tamil Nadu hökumətinə də göndərilib.

Qeyd edək ki, keçən həftə işçilər Tamil Nadu hökumətinin diqqətini maaşların artırılması və iş vaxtının azaldılmasına yönəltmək üçün bir günlük aclıq aksiyası keçiriblər. Hindistan Həmkarlar İttifaqları Mərkəzi (CITU) da aclıq aksiyasını dəstəkləyib və işçilərin tələbləri tam yerinə yetirilənə qədər tətilin davam edəcəyini bəyan edib.

Tətildə müəssisənin mindən çox işçisi iştirak edib. İşçilər əmək haqqının artırılmasını və iş vaxtının qısalmasını tələb edirlər. İşçinin hazırkı maaşı 25 min rupi, tələb olunan əmək haqqı isə 36 min rupi təşkil edir.

Sevinc İBRAHİMZADƏ