Sülhməramlılar İsrail və Livan arasındakı bufer zonanı qorumalıdır - ABŞ
Birləşmiş Ştatlar hesab edir ki, BMT sülhməramlıları Livanın İsraillə sərhədində İsrailin şiə təşkilatı "Hizbullah"a qarşı hərbi əməliyyatları başa çatdıqdan sonra orada formalaşacaq bufer zonasını saxlamalı olacaqlar.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu sözləri jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Onun sözlərinə görə, Vaşinqton gözləyir ki, İsrail hərbçiləri “Hizbullah” birləşmələrini sərhəddən uzaqlaşdırdıqdan sonra UNIFIL (BMT-nin Livandakı Müvəqqəti Qüvvələri – red.) və Livan Silahlı Qüvvələri ora daxil olacaq və “bu sərhəddə bufer zonasını qoruyacaq.
"Nəticədə biz sülhməramlı UNIFIL-in təhlükəsizlik missiyalarını yerinə yetirməsini istəyirik" - deyən Miller, "yaxın günlərdə sülhməramlıların hərəkətlərinin xarakteri ilə bağlı qərarın ABŞ-da deyil, onların özlərində qaldığını" vurğulayıb.
Dövlət Departamentinin sözçüsü deyib ki, “biz onların İsrail tərəfindən hücuma məruz qalmasını, İsrailə atəşlə cavab vermələrini istəməzdik”.
Onun sözlərinə görə, BMT sülhməramlılarının rolu “Hizbullah"ın son bir neçə ildir ki, Livanın cənubunda saxladığı və İsrailə hücum etdiyi əraziləri işğal etməsinin qarşısını almaqla məhdudlaşmalıdır. Eyni zamanda, Miller etiraf edib ki, “bir sıra səbəblərə görə UNIFIL və Livan Silahlı Qüvvələri "Hizbullah" qüvvələrinin bölgəyə yerləşdirilməsinin qarşısını ala bilmədilər”.
UNIFIL daha əvvəl bəyan etmişdi ki, Livan sərhədinin istənilən qüvvənin keçməsi Livanın suverenliyi və ərazi bütövlüyünün pozulması və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulmasıdır. Sentyabrın 30-da İsrail BMT sülhməramlılarını Livana “məhdud quru işğalı” həyata keçirmək niyyəti barədə məlumat verib. UNIFIL münaqişə tərəflərini eskalasiyaya səbəb olan növbəti addımlardan çəkinməyə çağırıb.
Turan İSMAYIL