Şimali Koreya müqaviləyə görə Rusiyaya dəstək olacaq

 09:30 08.10.2024     152

Şimali Koreya Rusiyaya dəstək üçün Ukraynaya müntəzəm hərbi personal göndərə bilər.

Redaktor.az Cənubi Koreyanın "Yonha" agentliyinə istinadən xəbər verir ki, bunu parlamentin iclasında Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyun deyib.

Onun sözlərinə görə, Rusiya ilə Şimali Koreya arasında hərbi müttəfiqliyə bənzər qarşılıqlı müqavilə imzalandığı üçün hadisələrin bu cür inkişafı ehtimalı çox yüksəkdir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin bu ilin iyununda Pxenyana səfəri zamanı Rusiya və Şimali Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.

Sənədin dördüncü maddəsində nəzərdə tutulur ki, Rusiya və ya Şimali Koreya başqa dövlət tərəfindən silahlı hücuma məruz qaldıqda və müharibə vəziyyətində olduqda, qarşı tərəf dərhal BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq və iki ölkənin qanunlarına uyğun olaraq sərəncamında olan bütün vasitələrlə hərbi və digər yardımları göstərəcək. Müqavilənin səkkizinci maddəsində deyilir ki, Rusiya və Şimali Koreya müharibənin qarşısını almaq, regional və beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məqsədilə öz müdafiə qabiliyyətini gücləndirmək üçün birgə fəaliyyət göstərə bilər.

Sevinc İBRAHİMZADƏ