Aİ bu qanuna görə Gürcüstana yardımın əleyhinədir

 09:43 08.10.2024     170

Avropa Parlamentinin (AP) Hollandiyalı bir qrup üzvü ölkədə LGBT təbliğatını qadağan edən qanuna görə Gürcüstana yardımı dayandırmağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə parlamentarilərin Avropa Komissiyasına (AK) ünvanladığı məktubda deyilir.

Sənəddə bildirilir ki, AK ötən ilin noyabrında Gürcüstanın Avropa İttifaqına namizəd ölkə kimi tanınması üçün yerinə yetirməli olduğu şərtləri irəli sürüb. Bildirilir ki, bu şərtlərə Avropa dəyərlərinə hörmət daxildir.

Məktubda qeyd edilir ki, 2024-cü il sentyabrın 17-də Gürcüstan parlamenti LGBT insanların hüquqlarını məhdudlaşdıran və senzuranı əhəmiyyətli dərəcədə genişləndirən qanun layihəsini təsdiqləyib. 26 iyun 2024-cü ildə Venesiya Komissiyası bu qanun layihəsinə mənfi rəy verib.

Bu kontekstdə Avropa Parlamentinin deputatları Avropa İttifaqının bu şərtlərlə Gürcüstana vəsait ayırmasını dayandırmağı planlaşdırıb-qalmadığı ilə maraqlanır.

Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğun məlumatına görə, Gürcüstan hər il Avropadan təxminən 85 milyon avro maliyyə alır.

Xatırladaq ki, sentyabrın 17-də Gürcüstan parlamenti üçüncü və sonuncu oxunuşda LGBT təbliğatını qadağan edən qanunu qəbul edib. Qanun layihəsinin lehinə 84 deputat səs verib. Bundan sonra sənəd imzalanmaq üçün Gürcüstan prezidenti Salome Zurabişviliyə göndərilib; O, qanunu imzalamayıb və parlamentə qaytarıb.

Sevinc İBRAHİMZADƏ