İsrailin müdafiə naziri Vaşinqtona səfərini təxirə saldı
İsrail yəhudi dövlətinin müdafiə naziri Yoav Qalantın Vaşinqtona səfərini təxirə salması ilə bağlı ABŞ-ni xəbərdar edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Bizə indicə nazir Qalantın Vaşinqtona səfərini təxirə salacağı barədə məlumat aldıq", - deyən Sinq əlavə edib ki, Pentaqonun rəhbəri Lloyd Ostin tezliklə onunla görüşəcəyini gözləyir. Səfərin təxirə salınmasının iki dövlət arasında İranın hücumuna mümkün cavabla bağlı danışıqların gedişinə bu və ya digər şəkildə təsir edib-etməməsi ilə bağlı sualı cavablandıran Sinq, İsrailin əməliyyatları ilə bağlı şərh vermək niyyətində olmadığını deyib.
Pentaqonun mətbuat katibinin müavini səfərin təxirə salınmasına nəyin səbəb olduğunu izah etməkdən imtina edib. "Siz bu məsələni israillilərə ünvanlamalısınız. Mənə indicə məlumat verildi ki, o, səfərini təxirə salıb".
Oktyabrın 9-da Pentaqonda müdafiə nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Tərəflərin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə edəcəyi gözlənilir.
Turan İSMAYIL