"Qərb “Şimal axını”na görə məsuliyyətdən yayınmaqda davam edir" - Zaxarova

 17:16 09.10.2024     179

Kollektiv Qərb hələ də “Şimal axını” qaz kəmərlərinin partladılmasına görə məsuliyyətdən yayınmağa çalışır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Terror aktından iki il sonra kollektiv Qərb məsuliyyətdən yayınmağa çalışır, yəni beynəlxalq ictimaiyyətin heç bir halda bu mövzuya toxunmaması üçün hər şey edilir”, - diplomat bildirib.

Eyni zamanda o, Rusiya tərəfinin “bunu etməyə icazə vermədiyini” vurğulayıb. "Biz mövzunu vurğulayırıq, ona müraciət edirik, suallar veririk, materiallar təqdim edirik. Bu, terror hücumudur, bu, transsərhəd enerji infrastrukturuna aiddir və enerji təhlükəsizliyinə birbaşa təsir göstərir. Bunlar qlobal proseslərdir, bunlar həm də konkret insanların, konkret vətəndaşların həyatıdır”, - Zaxarova davam edib.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin ABŞ və Böyük Britaniyanın “Şimal axını”nda terror aktında birbaşa əli olduğunu bildirmişdi. O, məlumat verib ki, partlayışın təşkili, hazırlanması və icrasına Anglo-Sakson kəşfiyyat xidmətlərinin peşəkar diversantları cəlb olunub. Onun sözlərinə görə, Amerika administrasiyası “Avropanın və ilk növbədə Almaniyanın Rusiyadan ayrılmasını təmin etmək üçün belə təxribata əl atmağı haqlı hesab edib”.

Turan İSMAYIL