Dövlət Departamenti İsrailin Qəzza ilə bağlı araşdırma apardığını deyir

 23:53 09.10.2024     250

İsrail Qəzza zolağında yəhudi dövlətinin hərbçiləri tərəfindən humanitar qanunların yüzlərlə mümkün pozulması ilə bağlı təhqiqatın aparılması barədə ABŞ-ni xəbərdar edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Biz oxşar hadisələrlə bağlı onlarla əlaqə saxlayırıq və onlar bizə İsrail hərbçilərinin mümkün sui-istifadəsi ilə bağlı yüzlərlə araşdırma aparıldığını bildiriblər", - Miller bildirib. “Biz bu araşdırmaların tamamlanmasını gözləyirik, əgər pozuntular aşkar edilərsə, təqsirkarları məsuliyyətə cəlb etmək lazımdır”, - deyə Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

Miller deyib ki, Birləşmiş Ştatlar Fələstin anklavının “Qəzza zolağında, xüsusən də şimalındakı humanitar vəziyyətdən dərin narahatdır”. “Biz İsrail hökumətinə açıq şəkildə bildirdik ki, onlar beynəlxalq humanitar hüquq çərçivəsində Qəzzanın bütün ərazilərinə qida, su və digər humanitar yardımların çatdırılmasını təmin etmək öhdəliyi daşıyırlar və onlardan bu öhdəliklərə tam əməl edəcəklərini gözləyirik”.

Xatırladaq ki, Cənubi Afrika 29 dekabr 2023-cü ildə Haaqa Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırıb. Cənubi Afrika tərəfi öz ərizəsində məhkəmədən İsrail hakimiyyətinin Qəzza zolağındakı hərəkətlərinin soyqırım kimi qiymətləndirilməsini xahiş edir.

Məhkəmə yanvarın 26-da qərar verib ki, İsrail Qəzzada soyqırımın qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir. Daha sonra məhkəmə həmçinin bəyan edib ki, yəhudi dövləti Rəfahdakı hərbi hücumu dərhal dayandırmalı və fələstinlilərə lazımi miqdarda humanitar yardım göstərmək üçün Rəfah keçidini açıq saxlamalıdır.

Turan İSMAYIL