Xorvatiyada COP29-la bağlı tədbir KEÇİRİLDİ

 23:56 10.10.2024     175

9 oktyabr tarixində Zaqreb şəhərində Azərbaycanın Xorvatiyadakı Səfirliyinin və bu ölkədə fəaliyyət göstərən İqlim Dəyişikliyi üzrə Beynəlxalq İnstitutun birgə təşkilatçılığı ilə COP29-la bağlı tədbir keçirilmişdir.

Redaktor.az xəbər verir ki, tədbirdə, Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin, Ətraf Mühitin Mühafizəsi və Yaşıl Keçid Nazirliyinin, eləcə də digər dövlət qurumlarının rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, beyin mərkəzlərinin təmsilçiləri, ölkənin aparıcı şirkətlərinin rəhbərləri, Xorvatiyada iqlim dəyişikliyi üzrə fəaliyyət göstərən ekspertlər, həmçinin KİV nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı, Azərbaycanın Xorvatiyadaki səfiri Anar İmanov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini Şahin Şahyarov, Xorvatiyanın İqlim dəyişikliyi məsələləri üzrə baş danışıqçısı xanım Vişnja Qrqasoviç, İqlim Dəyişikliyi üzrə Beynəlxalq İnstitutun rəhbəri Marija Pujo Tadic çıxış edərək iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın vacibliyinə toxunmuş, COP29 zamanı müzakirə olunacaq məsələlər, Azərbaycan sədrliyinin prioritetləri və irəli sürdüyü təşəbbüslər, beynəlxalq iqlim dəyişikliyinin yaratdığı fəsadlar və onların aradan qaldırılması səyləri, habelə Azərbaycanla Xorvatiya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq perspektivləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Tədbir zamanı edilən çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanmış, tədbir geniş müzakirələr ilə davam etdirilmişdir.

Həmçinin, tədbir zamanı COP29 və Azərbaycan haqqında video çarxlar nümayiş olunmuşdur.