Gürcüstan prezidenti və hakim partiya arasında İTTİHAMLAR
Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin rus hökuməti tərəfindən idarə olunduğunu deyib və hakim “Gürcü arzusu” partiyasını oktyabrın 26-na təyin edilmiş parlament seçkilərini saxtalaşdırmaqda ittiham edib.
Redaktor.az xəbər verir ki, onun sözlərini "Financial Times" nəşri sitat gətirib.
Zurabişvili hesab edir ki, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” partiyası Rusiyadakı kimi təbliğat, qütbləşmə və hədə-qorxu taktikası əsasında kampaniya aparır.
O, həmçinin hakim partiyanı hökumət rəsmilərinə ona səs vermələri üçün təzyiq etməkdə, müxalifət fəallarına hücum etməkdə, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə ittiham edib.
"Bu, sıradan seçki deyil. Bu, Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir", - dövlət başçısı bildirib.
Onun fikrincə, hakim siyasi qüvvənin hərəkətləri Gürcüstanın Avroatlantik məqsədlərinə ziddir. Buna cavab olaraq “Gürcü arzusu”nun deputatları dəfələrlə bəyan ediblər ki, prezident Qərbin maraqlarından çıxış edir, radikal müxalifəti dəstəkləyir və ölkə daxilində “xarici agent”dir.
Sevinc İBRAHİMZADƏ