Livanda son 3 həftədə 400 min uşaq didərgin düşüb
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin hücumları altında olan Livanda son 3 həftədə 400 min uşağın evindən didərgin düşdüyünü açıqlayıb.
Redaktor.az xəbər verir ki, İsrailin Livana hücumları səbəbindən insanlar paytaxt Beyruta və şimala doğru köç etməkdə davam edir.
UNİCEF-in icraçı direktorunun müavini Ted Çayban və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) icraçı direktorunun müavini Karl Skau Livanın şərqindəki Zahle şəhərində münaqişə zəminində köçmüş ailələrin qaldığı məktəbə baş çəkiblər.
Çayban açıqlamasında son 3 həftədə Livanda zorakılığın dəhşətli dərəcədə artdığını, bütün uşaqların təsirləndiyini və münaqişənin müharibəyə çevrildiyini bildirib.
Livanda hücumların başladığı gündən bu yana 400 mini uşaq olmaqla 1,2 milyon insanın didərgin düşdüyünü ifadə edən Çayban köçkün ailələrin və uşaqların bir qisminin qohumlarının yanına yerləşdiyini, bəzilərinin isə sığınacaqda qaldığını bildirib.
BMT mərkəzlərində qalan uşaqlara psixoloji dəstəyin göstərildiyini qeyd edən Çayban ölkənin əsl ehtiyacının insan hüquqlarının pozulmasının dayandırılması, mülki vətəndaşların və mülki infrastrukturun qorunması, atəşkəsin təmin edilməsi olduğunu vurğulayıb.
Türkan İSGƏNDƏRLİ