İradə Zeynalova səfir kimi etimadnaməsini Mavriki Prezidentinə təqdim etdi

 23:29 15.10.2024     163

Rusiyanın Mavrikidəki səfiri təyin edilən İradə Zeynalova etimadnaməsini respublika prezidenti Pritvirajsinq Rupana təqdim edib.

Redaktor.az xəbər verir ki, Rusiya səfirliyinin "Telegram" kanalında yerləşdirilmiş məlumata görə, rəsmi mərasim dövlət başçısının dövlət iqamətgahında baş tutub.

“Rusiya və Mavrikiyi 56 ildir davam edən ikitərəfli münasibətlər və səmimi dostluq əlaqələri birləşdirir”, - deyən Zeynalova qeyd edib ki, ölkələr arasında iqtisadi və humanitar əlaqələrin inkişafı üçün yaxşı perspektivlər var: "Rusiya Federasiyası yeni əsrdə qarşılıqlı təhlükəsizliyimizi, firavanlığımızı və ləyaqətimizi təmin etmək üçün bütün sahələrdə Mavrikiyi dəstəkləməyə davam edəcəkdir. Çoxdankı dostluğumuz gələcəyimizin təməli olacaq və mən bunun baş verməsi üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, əslən azərbaycanlı olan İradə Zeynalova Rusiyada tanınmış jurnalistdir. O, Vladimir Putinin sentyabrın 13-də imzaladığı sərəncamla Mavrikiyə səfir təyin olunub.

Turan İSMAYIL