Fələstin BMT-yə yenidən çağırış ETDİ
Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur BMT-nin baş katibi Antonio Quterreşə və BMT-nin 79-cu Baş Assambleyasının sədri Filemon Yanqa məktub göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat verib.
Mənsur müraciətində İsrailin Qəzza zolağında soyqırım, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə davam etdiyini bildirib.
Qəzza zolağının şimalında təxminən 400 min fələstinlinin həyatının təhlükə altında olduğunu ifadə edən Mənsur deyib: "Hesabatsızlıq və cəzanın olmaması İsraili bu cinayətlərdə daha da irəli getməyə təşviq edir".
Son 10 gündə 200-dən çox fələstinlinin "vəhşicəsinə" öldürüldüyünü bildirən Mənsur bəzi fələstinlilərin küçələrdə qətlə yetirildiyini, bəzilərinin isə xəstəxanalarda yandırılaraq öldürüldüyünü, dinc əhalinin sığına biləcəyi təhlükəsiz yerlərin tamamilə məhv edildiyini qeyd edib.
Müraciətdə Benyamin Netanyahu hökumətinin qızışdırdığı qarşıdurmaların bölgədəki bütün insanları təhdid etdiyi ifadə edilərək, BMT-yə “soyqırımını dayandırmaq, Fələstin xalqını qorumaq, İsraili məsuliyyətə cəlb etmək və cəzalandırmaq" barədə çağırış edilib.
Seymur BƏNNAYEV