Böyük Misir Muzeyi ildə 3 milyon turisti qəbul edəcək
Bu gün salonlarının əksəriyyətini ictimaiyyətə açacaq Gizadakı Böyük Misir Muzeyi ildə üç milyon turisti qəbul etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə Misirin turizm və qədim əşyalar nazirinin arxeoloji məsələlər üzrə müavini Əl-Tayib Abbas məlumat verib.
Misirin baş naziri Mustafa Madbouli muzeyin sınaq açılışının oktyabrın 16-da olacağını bildirmişdi. O, əlavə edib ki, muzey “Misirin dünyaya hədiyyəsi” olacaq. Oktyabrın 15-də xarici KİV-in jurnalistləri sınaq buraxılışına qədər muzeyin zalları ilə tanış olmaq imkanı əldə ediblər.
Abbasın dediyinə görə, muzey bu gündən başlayaraq gündə ən azı 4000 ziyarətçi gözləyir. Nazirlik rəsmisi turist sayının daha da artacağına ümid etdiklərini ifadə edərək, hər il 3 milyona çatmağı planlaşdırdıqlarını da əlavə edib.
Rəsmi həmçinin Giza piramidaları ilə Böyük Misir Muzeyini birləşdirəcək piyada zonasının yaradılmasını da açıqlayıb.
“Rəsmi açılışa gəlincə, hazırkı qlobal vəziyyət əlverişsizdir. Bunun tarixini ölkənin siyasi rəhbərliyi müəyyən edəcək”, - deyən Abbas muzeyin demək olar ki, tam açılışına hazır olduğunu bildirib.
O, muzeyin 12 zalından 10-nun ziyarətçilərin qəbuluna hazır olduğunu, qalan ikisinin isə rəsmi açılış mərasimindən sonra istifadəyə veriləcəyini bildirib.
Qeyd edək ki, Böyük Misir Muzeyinin tikintisinə 2005-ci ildə başlanılıb.
Sevinc İBRAHİMZADƏ