"Macarıstan Zelenskinin planını dəstəkləməyəcək" - Orbanın adaşı
Macarıstan Ukrayna Prezidenti Volodimir Zelenskinin Brüsseldə Avropa İttifaqı liderləri ilə görüşündə səsləndirdiyi qələbə planını dəstəkləmir.
Redaktor.az "Bloomberg"ə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş nazirinin siyasi müşaviri və adaşı Balaz Orban deyib.
O, Belçikanın paytaxtında jurnalistlərə açıqlamasında “Macarıstan bu qələbə planını dəstəkləyə bilməz” deyib. “Planın bir hissəsi NATO ölkələrini münaqişəyə daha fəal cəlb etməkdir, bunun əvəzinə strategiyanı dəyişmək, Rusiya ilə əlaqəni bərpa etmək və mümkün qədər tez sülh danışıqlarına başlamaq lazımdır”, - deyə o bildirib.
Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban Zelenskinin planını qorxulu adlandırmışdı.
Qərb mətbuatının yazdığına görə, Zelenskinin ölkə parlamentində, daha sonra isə Aİ-nin Brüssel sammitində açıqladığı bu plan, xüsusən, Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət göndərməyi, Rusiya ərazisini atəşə tutmaq üçün uzun mənzilli silahlarla təchiz etməyi, həmçinin hərbi əməliyyatları davam etdirmək üçün onu digər hərbi sistemlərin müəyyən növləri ilə təmin etməyi nəzərdə tutur.
Turan İSMAYIL