Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə AÇIQLANDI
2025-ci ildə 76-cı Beynəlxalq Astronavtika Konqresi Avstraliyanın Sidney şəhərində keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresində qərar qəbul olunub.
Oktyabrın 14-dən 18-dək “Dayanıqlılıq naminə kosmik məsuliyyət” devizi ilə keçirilən Milan Astronavtika Konqresi tarixdə ən böyük konqres olub. Konqresdə 120 ölkədən 11 200-dən çox nümayəndə iştirak edib. Bu rəqəmlər rekord göstəricidir və konqresin qlobal miqyasda kosmik sahənin iştirakçılarının toplaşdığı ən böyük platforma olduğunu göstərir. Konqresin sərgi pavilyonu rekord sayda - 530-dan çox iştirakçı qəbul edib. Builki konqresdə ilk dəfə 60 kosmik agentlik və qurum rəhbərlərini bir araya gətirən Qlobal Kosmik Liderlər Sammiti baş tutub. Üç min nəfər Milan Konqresinə onlayn canlı yayıma qoşulub və tədbir məkanı hər gün 3500 iştirakçı qəbul edib.
Konqresdə 25 astronavtın iştirakı ilə ictimaiyyət, tələbələr və gənc mütəxəssislərin görüşü olub. Beynəlxalq Astronavtika Federasiyasına 73 yeni üzv təşkilat qoşulub və onların sayı 80 ölkədən ümumilikdə 563-ə çatıb. 2027-ci ildə Beynəlxalq Astronavtika Konqresinə Polşanın Poznan şəhəri ev sahibliyi edəcək.
Azərbaycan da 75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunub. Milan Astronavtika Konqresində Azərbaycanı ölkə stendi ilə “Azərkosmos” təmsil edib. Konqresdə ölkəmiz, eyni zamanda, 50-dək tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda ilə təmsil olunub. Azərbaycan Milan Konqresində elmi işlər üzrə yeni rekorda imza atıb. Ölkəmizdən Milan Konqresinə 345 elmi məqalə təqdim edilib. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə dünyada ilk beşlikdə yer alır. Ölkəmizdən təqdim olunan elmi məqalələrin 90 faizi gənclər tərəfindən hazırlanıb.
Konqres çərçivəsində keçirilən seçkilərdə “Azərkosmos”un idarə heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib.
Xatırladaq ki, 74-cü Beynəlxalq Astronavtika Konqresinə ötən il Bakı ev sahibliyi edib. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyıb.