Türkiyədəki terror hücumuna dünyadan REAKSİYALAR
Ankarada baş verən terror aktına dünyanın müxtəlif dövlətləri tərəfindən reaksiya sərgilənib.
Redaktor.az xəbər verir ki, bir çox ölkələr bu terror aktını pisləyən bəyanatla çıxış ediblər.
Ayrı-ayrı ölkələr tərəfindən verilən açıqlamaları təqdim edirik:
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib:
“TUSAŞ-a qarşı törədilən terror aktı nəticəsində ölən və yaralananların olması xəbəri bizi çox sarsıtdı. Bu xain terror aktını qətiyyətlə pisləyir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara ən xoş arzularımı çatdırıram”.
Yunanıstan lideri Kiriakos Miçotakis da hücumla bağlı bəyanat verib:
“Bu gün Ankarada baş verən terror aktını şiddətlə qınayıram. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”.
Almaniya kansleri Olaf Şolts:
“Ankaradakı hücumda ölən və yaralananların olması xəbəri məni sarsıtdı. Biz terrorun hər növünü şiddətlə qınayırıq və tərəfdaşımız olan Türkiyənin yanındayıq”.
NATO-nun Baş katibi Mark Rutte:
“TUSAŞ-da törədilən terror aktı ilə bağlı NATO müttəfiqimiz Türkiyənin yanındayıq. Hər cür terroru şiddətlə qınayırıq”.
ABŞ-ın Ankaradakı səfirliyi:
“ABŞ olaraq bu gün baş verən terror aktını şiddətlə qınayır, həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Hücumda yaralananlara şəfa diləyirik. Müttəfiqimiz Türkiyənin yanındayıq”.