“Türkmənqaz” Rusiyaya qaz nəqlini niyə dayandırıb?

 15:15 25.10.2024     164

“Türkmənqaz” və “Qazprom” türkmən qazının tədarükü ilə bağlı müqaviləni yeniləməyib, çünki tərəflər qiymət məsələsində razılığa gəlməyiblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə “Türkmənqaz”ın sədri Məqsət Babayev məlumat verib.

“İyunun 30-da (bu ilin - red.) müqavilə bu dövr üçün qiymətlərə yenidən baxılmasını nəzərdə tuturdu: əgər tərəflər qiymət barədə razılığa gəlsələr, onda uzadılması mümkün idi.

Biz danışıqlar apardıq və kommersiya hissəsi ilə bağlı ümumi anlaşma əldə edə bilmədik. Ona görə də müqavilənin şərtlərinə görə, məhz bu müddət ərzində qiymətə baxılmalı, tərəflər razılaşmadığı halda iyunun 30-da müqaviləyə xitam verilməli idi. Hansı ki, prinsipcə, biz elədik”, - o, “Türkmənistanın Neft və Qazı - 2024” Beynəlxalq Konfransı və Sərgisinin yekunlarına dair mətbuat konfransında deyib.

Babayev əlavə edib ki, “Türkmənqaz”a tədarükün başlanması, bərpası və ya dayandırılması üçün əsas şərt kommersiya hissəsidir. “Məhz mənfəət, qarşılıqlı faydalı əməkdaşlıq nöqteyi-nəzərindən alqı-satqı müqavilələri nəzərdə tutulur Hər gün biz müxtəlif alıcılar və ölkələrlə danışıqlar mərhələsindəyik, ona görə də hər şey mümkündür”, - deyə o, Rusiya Federasiyasına tədarükün bərpasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

2019-cu ildə “Qazprom” Qrupu “Türkmənqaz” Dövlət Konserni ilə beş il müddətinə - 2024-cü il iyunun 30-dək təbii qazın alınmasına dair müqavilə bağlayıb. Müqaviləyə əsasən, Türkmənistandan “Qazprom”a nəql olunan qazın həcmi ildə 5,5 milyard kubmetr təşkil edib.

“Türkmənqaz” dövlət konserninin sədr müavini Murat Arçayev bir müddət əvvəl bildirmişdi ki, “Qazprom”la müqaviləyə əsasən, 2023-cü il üçün tədarük 5 milyard kubmetr həcmində nəzərdə tutulub. Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkinin jurnalistlərə verdiyi məlumata görə, Türkmənistan 2023-cü ildə Rusiyaya qaz tədarükü ilə bağlı müqavilə öhdəliklərini tam yerinə yetirib. 2022-ci ildə bu müqavilə çərçivəsində Türkmənqaz Rusiyaya 5 milyard kubmetr, 2021-ci ildə isə 10 milyard kubmetr qaz tədarük edib.

Qeyd edək ki, oktyabrın 23-dən 25-dək Aşqabadda OGT 2024 beynəlxalq konfrans və sərgisi keçirilib. Forumda 30-dan çox ölkədən, o cümlədən Rusiyadan nümayəndələr iştirak edib. Tədbirin əsas mövzularından biri Türkmənistan qazının ixrac bazarlarının qiymətləndirilməsi, o cümlədən Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisində irəliləyiş və Türkmənistanın enerji resurslarının müxtəlif ölkələrə tədarükünün artırılması olub.

Turan İSMAYIL