"Hizbullah" İsrail ərazisinə yeni hücumlar elan etdi

 14:50 28.10.2024     133

Livanın “Hizbullah” şiə təşkilatı İsrail ərazisinə növbəti zərbələr endirdiyini açıqlayıb.

Redeaktor.az xəbər verir ki, müvafiq açıqlamalar onun "Telegram" kanalında dərc olunub.

Qeyd olunur ki, İsrailin şimal-qərbindəki Akko şəhəri yaxınlığında yerləşən hərbi-sənaye müəssisəsi pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Bundan başqa, yəhudi dövlətinin şimalında, Livanla sərhədə yaxın Kiryat Şmona şəhərinə də bir neçə raket atılıb. Hücumların nəticələri barədə məlumat verilmir.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda "Hizbullah" qüvvələrinə qarşı “Şimalın oxları” adlı hərbi əməliyyata başlayıb və bu əməliyyat zamanı təşkilatın hərbi obyektlərinə irimiqyaslı zərbələr endirir. Bildirilən məqsəd yəhudi dövlətinin şimal sərhəd bölgələrində təhlükəsiz şərait yaratmaqdır ki, on minlərlə sakin oraya qayıda bilsin. Sentyabrın 27-də törədilən partlayışlardan biri nəticəsində Beyrutda "Hizbullah"ın baş katibi Həsən Nəsrullah öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatı elan edib.

Turan İSMAYIL