Aİ bunun üçün 900 milyon avro ayıracaq
Avropa İttifaqı kvant işlərinin və yarımkeçirici texnologiyalarının ittifaqdan kənara sızmasının qarşısını almaq üçün 900 milyon avro ayıracaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşri məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqı Avropa şirkətlərini xarici investisiyalardan istifadə etməməyə təşviq etmək üçün öz fondunu yaradacaq. Nəşr izah edir ki, bu yanaşma birliyin iqtisadiyyatını texnoloji sızmalardan və strateji əhəmiyyətli şirkətlərin əcnəbilərin əlinə keçməsindən qorumalıdır.
Yeni fond Avropa İnnovasiyalar Şurası Fondunun mövcud proqramına daxil ediləcək. Fondun maliyyələşdirmə sxemi üç il üçün nəzərdə tutulub, illik 300 milyon avro. Şirkətlər 10 milyon avrodan 30 milyon avroya qədər investisiya cəlb etmək üçün müraciət edə biləcəklər ki, bu da Brüsselə texnologiya firmalarının səhmlərində pay almağa imkan verəcək.
Daha əvvəl “Politico” qəzetinin Avropa nəşri məlumat vermişdi ki, Avropa İttifaqı texnologiya sektorunun maliyyələşdirilməsində problemlər və bu məsələdə Çin və ABŞ-dən geri qaldığı üçün investorlar klubu yaradır. Avropa Komissiyası 2021-ci ildən bəri ABŞ və Çin ilə kritik texnologiya sənayesi üçün maliyyə çatışmazlığını aradan qaldırmaq üçün vençur kapitalisti kimi fəaliyyət göstərir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iyul ayında qarşıdakı illərdə maliyyə dəstəyi tədbirlərini genişləndirəcəyinə söz vermişdi.
Turan İSMAYIL