İsrail qırıcıları dünyanın ən qədim şəhərini bombaladı - binalar dağıldı
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları şiə təşkilatı "Hizbullah"ın Tir şəhərindəki obyektlərinə havadan hücum edib.
Redaktor.az xəbər verir ki, "Al Jadeed TV"nin verdiyi məlumata görə, təyyarələr güclü partlayışların baş verdiyi şəhərin mərkəzi hissəsində yerüstü hədəflərə bir sıra reydlər həyata keçirib.
Bundan əvvəl İsrail ordusunun sözçüsü Avichai Edri "X"də Tir əhalisinə ərəb dilində şəhərin mərkəzində dörd küçədə yerləşən "Hizbullah" qurğularına hava hücumu barədə xəbərdarlıq etmişdi. O, bu ərazilərin sakinlərini təcili olaraq təhlükəsiz yerə təxliyə etməyə çağırıb.
Hadisə şahidlərinin sözlərinə görə, hava hücumu nəticəsində bir neçə bina dağılıb. Şəhərə hava hücumu davam edir.
Günün ilk yarısında İsrail hərbi hava qüvvələrinin Raml bölgəsində bir evə endirdiyi zərbə nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.
Qeyd edək ki, Beyrutdan 83 km məsafədə yerləşən Tir dünyanın ən qədim şəhərlərindən biridir. Eramızdan əvvəl 2750-ci ildə Finikiyalılar tərəfindən qurulmuş və Aralıq dənizindəki ən böyük ticarət mərkəzi kimi xidmət edib. Tir xarabalıqları 1984-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Turan İSMAYIL