Şokoladdan hazırlanan geyimlərlə podiumda çıxış etdilər - FOTO

 11:04 30.10.2024     221

Fransada şokolad və modasevərlər ənənəvi "Şokolad Sərgisi"ndə təqdim olunan şokolad paltarları ilə bir araya gəliblər.

Redaktor.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə 26 ildir ənənəvi olaraq keçirilən "Şokolad Sərgisi" ötən il koronavirus epidemiyası səbəbindən keçirilə bilməyib.

Bir ildən sonra yenidən təşkil edilən "Şokolad Sərgisi"nə müxtəlif ölkələrdən 100-ə yaxın şokolad istehsal edən şirkət qatılıb. Oktyabrın 28-dən noyabrın 1-dək Parisdə ziyarətçilərin üzünə açıq olacaq sərginin yarmarka təşkilatı tərəfindən şokolad istehsal edən və satan şirkətlərin nümayəndələri xüsusi dəvət olunub. Açılışda məşhur modelyerlərin hazırladığı şokoladlı geyimlər dəfilədə təqdim olunub. Modellər podiumda şokoladlı libasları ilə gəzərkən, bəzi modellər paltarlarının üzərindəki şokoladları yeyərək diqqət çəkib.

Yarmarkaya qatılan şokolad həvəskarlarından çoxu kifayət qədər yer olmadığı üçün hətta nümayişi ayaqda izləməli olub.

Məşhur şokolad istehsalçıları "Bonnat", "Pralus", "Hasnaa Chocolats Grands Crus", "Guerlais", "Hugo & Victor"a ev sahibliyi edən sərgi "Grain de Sail", "Friends of Grain de Sail" kimi istehsalçılarla da tanış olmaq fürsəti təqdim edir. Yarmarkada arzu edən iştirakçılar məşhur aşpazlarla birlikdə mətbəxə girib tort hazırlamağı sınaya və onların hazırladıqları tortların dadına baxa biləcəklər.

Sevinc İBRAHİMZADƏ