Bayden Tramp tərəfdarlarını “zibil” adlandırmadığını söylədi
Amerika lideri Co Bayden ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın tərəfdarları ilə bağlı verdiyi açıqlamalara görə seçkilərə bir həftə qalmış yaranan qalmaqaldan sonra “zibil” dedikdə onların Puerto Riko ilə bağlı nifrət dolu sözlərini nəzərdə tutduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Bayden bu barədə "X" hesabında yazıb.
“Bu gün səhər mən "Madison Square Garden"də keçirilən mitinqdə bir Tramp tərəfdarının Puerto-Riko haqqında etdiyi nifrət nitqini “zibil” adlandırdım. Bunu təsvir etmək üçün istifadə edə biləcəyim yeganə söz budur. Onun latınları demonizasiyası ağlasığmazdır. Demək istədiyim tək şey budur”, - Ağ Ev rəhbəri bildirib.
Oktyabrın 28-də Nyu-Yorkda Trampın seçkiqabağı mitinqinin açılışında çıxış edən amerikalı komediya aktyoru Tony Hinchcliffe uğursuz zarafatla Puerto-Rikonu “üzən zibil adası” adlandırıb. Respublikaçı namizədin seçki qərargahı tezliklə sənətçinin sözlərini rədd edərək, Trampın və onun seçki kampaniyasının fikirlərini əks etdirmədiyini qeyd edib.
Oktyabrın 29-da Bayden ABŞ-nin Latino icmasının nümayəndələri ilə onlayn görüşdə Puerto-Rikalıların layiqli və yaxşı insanlar olduğunu və bu ölkədə gördüyü “yalnız üzən zibilin” Tramp tərəfdarları olduğunu söyləyib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Turan İSMAYIL