Ərdoğan kürdləri birlikdə “Türk əsri” qurmağa ÇAĞIRDI

 17:57 30.10.2024     178

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Respublikaçılar Alyansındakı müttəfiqi Dövlət Baxçalının uzun müddətdir davam edən kürd probleminin həlli ilə bağlı təşəbbüsünü dəstəkləyib.

Redaktor.az xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) fraksiyasının toplantısında parlamentdə çıxış edən dövlət başçısı, kürdləri “Türkiyə əsri”ni birlikdə qurmağa çağırıb.

Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı oktyabrın 22-də PKK terror təşkilatının başqanı Abdullah Öcalanı kürd tərəfdarı DEM partiyasının toplantısında parlamentdə çıxış etməyə çağırıb və elan edib ki, “Terror bitdi, PKK dağıldı”. Əvvəllər PKK ilə zərrə qədər dialoq imkanlarına imkan verməyən siyasətçinin bu təşəbbüsü cəmiyyətdə rezonans doğurub. Ərdoğan bunu ilk dəfə olaraq “tarixi fürsət pəncərəsi” adlandırıb.

“Hörmətli kürd qardaş və bacılar, parlamentin tribunasından sizə müraciət edirəm: Sizdən səmimi və möhkəm bir şəkildə uzadılmış əlinizi tutmağınızı gözləyirik. Kürdləri sevməyən türk deyil, kürdləri sevməyən türk varsa, o da türk deyil”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, kürdlər Türkiyədə ikinci ən böyük etnik qrupdur. Müxtəlif mənbələrə görə, respublikada 12,5 milyondan 15 milyona qədər kürd yaşayır ki, bu da onun əhalisinin təxminən 20%-ni təşkil edir.

Xatırladaq ki, Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir. Türkiyə hakimiyyəti bunu milli təhlükəsizliyə təhdid hesab edir və mütəmadi olaraq ölkədəki PKK tərəfdarlarına qarşı reydlər, Şimali İraq və Suriyada sərhədyanı əməliyyatlar keçirir.

PKK-nın qurucusu və lideri Öcalan 1999-cu ildə terror fəaliyyətinə görə edam cəzasına məhkum edilib. Bu cəza daha sonra Mərmərə dənizindəki İmralı adasında təkadamlıq kamerada çəkdiyi ömürlük həbslə əvəzlənib. Türkiyə hakimiyyəti əvvəllər də kürd problemini həll etməyə cəhdlər edib. Öcalanın çağırışı ilə PKK 2013-cü ildə Türkiyə ilə qarşıdurmaya son verdiyini açıqlasa da, 2015-ci ildə Türkiyə ordusunun İraqın şimalında əməliyyatlarına başlamasından sonra yenidən atəşkəsin mümkünsüzlüyünü bəyan edib.

Turan İSMAYIL