Almaniya vətəndaşının edamı - hədəfə gələn Sepah - ANALİZ

 15:12 01.11.2024     146

Böyük, qüdrətli dövlət müdrik və ədalətli də olur, bağışlamağı bacarır. İran hakimiyyəti beynəlxalq müstəvidə münasibətləri sıfırlamağa tərəddüd etməyən tək-tük rejimlərdəndir. Tehran bir anın içində münasibətləri korlamağa, pozmağa hazırdır. İran hakimiyyəti haqqında deyilən “2500 illik fars idarəetmə üsulunun nümayəndəsi”, “qədim dövlətçilik ənənəsinin davamçısı”, “Kir”, “Dara”, “Rüstəm Zal”, “Ədalətli Ənuşirəvan” hökmdarların təmsilçiləri və başqa bu kimi titullu sözlər zaman keçdikcə çürüklüyünü göstərir. Məlum olur ki, 2500 illik idarəetmə də, qədimlik də, adları sadalanan bu hökmdarlar da farsların, Firdovsinin nağıllarından, miflərndən, uydurmasından başqa bir nəsnə deyilmiş.

Tarixdə belə hadisələr olub. Məsələn, Əli Ağca və İvanov soyadlı bolqarıstanlı 1981-ci il mayın 13-də Vatikanda Roma Papası II İohann Paveli tapança ilə vurub. Bu sui-qəsd nəticəsində Papa yaralanıb, hadisəni törədən İtaliyada ömürlük həbsə məhkum edilib. Papa onu bağışlayıb. Əli Ağça əfvdən sonra 2000-ci il iyunun 15-də Türkiyəyə gətirilərək, İstanbulun Kartal səmtindəki həbsxanaya yerləşdirilib. 52 yaşında azad edilib.

İranəsilli Almaniya vətəndaşı Cəmşid Şarməhdinin oktyabrın 29-da İslam Respublikasında edam olunmasına dair xəbər yayılıb. O, 2020-ci il avqustun 1-də Almaniyadan Hindistana səfəri zamanı Dubayda İranın təhlükəsizlik orqanları tərəfindən qaçırılıb. 67 yaşlı Almaniya vətəndaşı barəsində ölüm hökmü 2024-cü ilin aprelində çıxarılıb. Şarməhdin yaxınlarının verdiyi məlumata görə, o, son bir neçə ildə ABŞ-də yaşayıb. İran hakimiyyəti onu “Tondar” adlı müxalifət qrupunun lideri hesab edir. Bu, İranda terror təşkilatı siyahısına salınıb. İran hakimiyyəti Şarməhdi monarxistlərdən sayır. O, parkinson xəstəliyindən əziyyət çəkirmiş.

Onun sərbəst buraxılması istiqamətində ictimaiyyətin, rəsmi dairələrin cəhdləri nəticəsiz başa çatıb.

Bir sıra ictimai fəallar Almaniya hökumətinin Cəmşidin qızı Gazelle Şarməhdi atasının azad edilməsində tək qoyduğunu da bildiriblər.

İran hakimiyyəti vaxtı ilə ABŞ, Fransa, Danimarka, Avstriya vətəndaşlarını da saxlayıb. Onları “casusluq” kimi cinayət əsasında həbs və mühakimə edib. Ancaq aparılan danışıqlar və başqa cəhdlər nəticəsində həmin şəxslərin sərbəst buraxılmasına nail olublar.

2023-cü ilin sentyabrında ABŞ İranın altı milyard dollar məbləğində bank hesabını sərbəstləşdirməklə beş vətəndaşını azad edib. ABŞ vətəndaşları da edam oluna bilərdi. Ancaq Tehran hakimiyyəti “təhlükəsizliyini” milyardlara “mübadilə etdi”.

Ancaq ABŞ-nin İran həbsxanalarından sağ çıxa bilmədiyi vətəndaşları da olub. Federal Təhqiqat Bürosunun (FTB) istefada olan agenti Robert Levinsondan indiyədək xəbər yoxdur. O, 2007-ci ilin martında İranın Kiş adasında itkin düşüb. Tehran onun nə ölümü, nə də sağ qaldığı barədə məlumat vermir. İddialara görə, İran Levinsonu çoxdan öldürüb.

Onun ailəsi ABŞ hakimiyyətini Robert Levinsonun taleyinə laqeyd münasibət göstərdiyi üçün tənqid ediblər.

Bununla 2012-ci ilin martında FTB onun qayıtmasına yardım edəcək məlumat üçün bir milyon dollar məbləğində mükafat təyin edib.

Başqa bir hadisə 2023-cü ilin yanvarında baş verib. Böyük Britaniyaya casusluqda təqsirli bilinən İran müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri barəsində çıxarılan edam hökmü icra olunub. Qeyd edək ki, Əlirza Əkbəri İran Milli Təhlükəsizlik Şurasının keçmiş katibi (edamdan sonra onu bu vəzifədən çıxarıblar), 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. Britanya-İran ikili vətəndaşlığı olub. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılıb. Ancaq İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb və icra edib.

Böyük Britaniyanın ovaxtkı xarici işlər naziri Ceyms Kleverli tviter səhifəsində onun barəsində çıxarılan edam hökmünün siyasi motivli olduğunu bildirərək təcili azad edilməsini istəmişdi.

Krallığın ovaxtkı Baş naziri Rişi Sunak hadisə ilə bağlı bunları yazmışdı: “İran və Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirib”. O, Tehran hakimiyyətinin bu hərəkətini “vəhşilik və qorxaqlıq” adlandırıb: “Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığıdır”.

Bunun ardınca krallıq İrana qarşı yeni sanksiya paketi təyin etdi. Almaniyanın xarici işlər naziri Annalena Berbok bunu “İran rejiminin növbəti qeyri-insani hərəkəti” adlandırdı.

Oktyabrın 31-də Almaniya Xarici İşlər Nazirliyi Frankfurt-Mayn, Münhen, Hamburq şəhərlərindəki İranın Baş Konsulluqlarının bağlandığı elan edib. Nazir Annalena Berbok Cəmşid Şarməhdin edilməsinə cavab olaraq sanksiyaları açıqlayıb. Tehranın Berlindəki səfirliyi isə fəaliyyətini davam etdirəcək. Konsulluqların bağlanması nəticəsində Almaniya vətəndaşı olmayan 32 əməkdaş ölkəni tərk edəcək.

ABŞ Dövlət Departamentinin İran işləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili İran konsulluqlarının bağlamasına dair Almaniyanın qərarını alqışladıqlarını bildirib.

Annalena Berbok Almaniya vətəndaşının edam edilməsinin ciddi nəticələri olacağına dair Tehranı xəbərdar etdiklərini bildirib: “Bu qətlin Yaxın Şərqdə baş verən son hadisələrdən sonra baş verməsi onu göstərir ki, İrandakı rejim normal diplomatik məntiq çərçivəsində fəaliyyət göstərmir”.

İran hakimiyyətinin bu addımı müxalif düşüncəli həmvətənlərinə münasibətinin də göstəricisi sayıla bilər.

Avropa İttifaqı ABŞ-dən fərqli olaraq Tehrana münasibətdə loyallıq göstərir. Əvvəllər Böyük Britaniya, Ştatlar və İsrailin İrana tətbiq etdiyi sanksiyalara qoşulmurdu. Hətta, İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) terror təşkilatlar siyahısına daxil edilməsinə də ehtiyatla yanaşırlar. Ancaq Əlirza Əkbəri edam olunduqdan sonra bu ilin sentyabrında krallıq Sepahın Qüds qoşunlarına sanksiya tətbiq edib. Ümumilikdə, Böyük Britaniyanın İrana qarşı sanksiyalar siyahısında 27 hüquqi və 190 fiziki şəxs var.

Ötən gün Annalena Berbok da Sepahın Avropa İttifaqı səviyyəsində terror təşkilatı kimi tanınmasının tərəfdarı olduğunu bildirib: “Düsseldorf Ali Məhkəməsinin qərarından sonra Sepahın terrorçular siyahısına daxil edilməsi üçün əlimizdə hüquqi əsas olacaq”.

İran hakimiyyətinin səhvləri Avropa İttifaqını da ABŞ-la eyni mövqedə durmağa vadar edir. Bu isə Tehranın qərbdə zəifdə olsa müdafiəçisini itirməsi kimi dəyərləndirilə bilər. İran ABŞ-nin iştirakı olmadan Avropa ilə nüvə probleminə dair danışıqlar aparmaq niyyətində idi. O, bununla Ştatlarla Aİ-ni Tehran hakimiyyətinə münasibətdə ayırmağa, hətta, üz-üzə qoymağa səy göstərirdi. Ancaq Cəmşid Şarməhdinin edamı onları yaxınlaşdırır. Bundan sonra Avropa İttifaqı ölkələrinin İrana qarşı sanksiyaları daha da sərtləşə bilər. Belə addım Sepahın terrorçu olaraq tanınması üçün yol açar. O, İrandakı rejimin əsasını təşkil edir. Onsuz Tehran hakimiyyətinin mövcudluğu mümkün deyil. Sepahın terrorçu olaraq tanınması İrana hərbi müdaxiləyə də imkan verər. Belə bir şərait yaranarsa İslam Respublikasının da bu siyasi-hərbi birləşmə ilə eyni siyahıda yer alması ehtimalını artırır. Ona görə də beynəlxalq münasibətdə humanistlik, müdriklik göstərməməsi İran üçün əlavə problemlər yaradacaq.

Bir ştrix daha. Barəsində hökm çıxarılandan altı ay sonra Cəmşid Şarməhd edam olunub. Ancaq Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan 22 ay keçməsinə baxmayaraq terrorçu barəsində heç bir hökm çıxarılmayıb. Bu iki müqayisədən isə çoxsaylı nəticələr çıxarmaq olar...

Sədrəddin Soltan