Pezeşkian qadınlara qarşı mübarizəyə başlayır: Yeni "həbsxanalar" YARADILIR

 11:03 15.11.2024     148

İran hakimiyyəti məcburi hicab qaydalarına riayət etməyən qadınları nəzarət altına almaq üçün Tehranda yeni psixi sağlamlıq müəssisəsi təsis etmə niyyətindədir.

Redaktor.az xəbər verir ki,  mətbuat İranın Müalicə və Hicabdan İmtina Klinikasının rəhbəri Mehri Talebi Darestaninə istinadən məlumat yayıb.

O, sözügedən müəssisəinin hicabdan imtinanın "elmi və psixoloji müalicəsi" üçün yaradıldığını və əsasən yeniyetmələr, gənclər və "ictimai və İslam kimliyinə" uyğunlaşmaq istəyən qadınlar üçün nəzərdə tutulduğunu bildirib.

Klinika dini davranışların tətbiqinə cavabdeh olan Xeyri Təbliğ və Şəri Qadağan edən Qərargah adlı qurum tərəfindən idarə olunacaq. Bu qurumun rəhbəri birbaşa Ali Rəhbər Ayətullah Əli Xameneyiyə hesabat verir. Qurumun rəhbəri Məhəmməd Saleh Haşemi Qolpayegani hicab qaydalarına əməl etməyən qadınlara qarşı insan haqları pozuntularına görə beynəlxalq sanksiyalara məruz qalıb.

Darestaninə sözlərinə görə, klinikalarda müalicə könüllü olacaq. Ancaq insan haqları təşkilatları İranın bu vədinə inanmır. “Bura klinika olmayacaq. Bu, həbsxana olacaq”, - Qərb mətbuatı iranlı qadın fəallardan sitat gətirir.

Məsud Pezeşkianın prezident seçilməsindən sonra bir çox fəal İranda qadınlara qarşı təzyiqlərin azalacağını gözləsə də, son aylarda sözügedən təzyiqlərin artdığı müşahidə edilir. Tehranın İslam Azad Universitetində bir tələbə baş örtüyünü açaraq etiraz edib. Hakimiyyət onu psixi xəstə kimi qiymətləndirib və psixiatriya müəssisəsinə yerləşdirib. Buna cavab olaraq, hökumət başıaçıq qadınlara qarşı kampaniyasını gücləndirib, gizli nəzarəti artırıb və əxlaq polisi qüvvələrini genişləndirib. Hicabsız qadınlar alış-veriş mərkəzləri və parklar kimi ictimai yerlərə girişdə məhdudiyyətlərlə üzləşiblər.