Əfqanıstanda ibadətgaha hücum: Çox sayda ölən var
Əfqanıstanın Bağlan vilayətində Sufilərə aid ibadətgah silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində 10 nəfər həlak olub.
Redaktor.az xəbər verir ki, Talibanın təhlükəsizlik komandanlığının açıqlamasına görə, Bağlan vilayətinin Nahrain qəsəbəsindəki "Seyid Paşa Ağa" adlı ibadətgaha naməlum şəxslər tərəfindən silahlı hücum təşkil edilib. Hücum zamanı ibadət edən şəxslərə atəş açılıb və 10 nəfər həyatını itirib.
Açıqlamada, qurbanların gündüzlər çalışdığı, gecələr isə ibadət üçün həmin ibadətgaha gəldikləri bildirilib. Taliban təhlükəsizlik komandanlığının müdiri Əbdül Qəyyur Xədim hücumla bağlı çox sayda şübhəlinin saxlanıldığını və istintaqın davam etdiyini açıqlayıb.
Qeyd edək ki, 2022-ci ildə Əfqanıstanın paytaxtı Kabildə bir manastıra edilən hücumda onlarla insan ölmüş və yaralanmışdı. Daha öncə Sufilərin ibadətgahlarına edilən hücumların məsuliyyətini terror təşkilatı İŞİD öz üzərinə götürmüşdü.
Seymur BƏNNAYEV