Rusiyadan qaz axınına təsir göstərə biləcək hər cür qərara qarşıyıq - Bayraktar

 22:26 29.11.2024     157

"Rusiyadan qaz axınına təsir göstərəcək hər hansı bir qərara qarşıyıq. Əgər bu sanksiyalar bu səviyyəyə gəlib çatarsa, bunun Türkiyə iqtisadiyyatına və 85 milyon vətəndaşa ziyan vuracağını söyləyirik". 

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar görüşlər aparmaq üçün səfər etdiyi Londonda jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Ed Miliband ilə bu səhər çox məhsuldar bir görüş keçirdiklərini bildirən Bayraktar, iki ölkə arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalandığını qeyd edib.

Nazir, Türkiyə və İngiltərənin enerji sahəsində bir çox ortaq xüsusiyyətlərə malik olduğunu vurğulayıb və bu çərçivədə beynəlxalq enerji investorları və maliyyə qurumlarının nümayəndələri ilə də müzakirələr apardıqlarını bildirib.

Türkiyənin iqlim dəyişikliyi və enerji transformasiyası məqsədlərinə diqqət çəkən Bayraktar, sənayenin Avropaya ixracatı artırmaq üçün hazır olmasının vacibliyini qeyd edib.

O, həmçinin Türkiyənin külək və günəş enerjisi istehsal gücünü 30 giqavatdan 120 giqavata çatdırmağı hədəflədiyini xatırladıb.

Seymur BƏNNAYEV