Hindistan Pakistanla sərhədə minlərlə təhlükəsizlik qüvvəsi YERLƏŞDİRDİ
Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələri (BSF) qeyri-qanuni sərhəd keçidlərindən qorunmaq üçün Pakistanla həmsərhəd Cammu bölgəsinə əlavə iki batalyon yerləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb .
Məlumata görə, yerləşdirmə 2000-dən çox şəxsi əhatə edir və Pakistanla beynəlxalq sərhəddə mövcud BSF mövqelərinin arxasında ikinci müdafiə xəttini gücləndirmək məqsədi daşıyır. Bu sərhədin gücləndirilməsi qərarı 2024-cü ildə Rajouri, Poonç, Reasi, Udhampur, Kathua və Doda rayonlarında 18 təhlükəsizlik işçisi də daxil olmaqla 40-dan çox insanın həlak olduğu silsilə terror aktlarından sonra qəbul edilib.
Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələri ölkənin qərbində Cammu, Pəncab, Racastan və Qucarat bölgələri boyunca uzanan beynəlxalq sərhədin 2289 km-dən çoxunu qoruyur. Cammu bölgəsi sıx meşələr və dağlıq ərazi ilə bu sərhədin 485 km-ni təşkil edir. Ərazidə ümumilikdə 10-a yaxın BSF batalyonu yerləşdirilib.
Türkan İSGƏNDƏRLİ