Tbilisidəki aksiyada 100-dən çox polis YARALANIB

 08:22 02.12.2024     92

Son günlər Tbilisidə keçirilən etiraz aksiyalarında 100-dən çox hüquq-mühafizə əməkdaşı yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, ümumilikdə, ötən gecə 134 hüquq-mühafizə orqanı əməkdaşı xəsarəti alıb. Nazirlikdən bildirilib ki, onlara tibbi yardım göstərilib, dördü xəstəxanadadır.

"Mitinq iştirakçıları qanunverici orqanın binası istiqamətində pirotexniki vasitələr atıblar. Bundan başqa, daş və müxtəlif əşyalarla Milli Məclisin ön və yan fasadlarında yerləşən ofislərin şüşələrini zədələyiblər. Bununla da əşyalar alışıb, nəticədə parlament binasının bir neçə otağında yanğın baş verib. Hazırda yanğın söndürülüb”, - Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda hökumət əleyhinə mitinqlərin yeni dalğası başlayıb, Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim Gürcü Arzusu — Demokratik Gürcüstan partiyasının 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqlarının başlanması ilə bağlı hər hansı danışıqları təxirə salmaq və hər hansı maliyyə vəsaitindən imtina etmək qərarına gəlib.

Türkan İSGƏNDƏRLİ