Estoniyada iki həftəlik NATO təlimləri başlayır
NATO ölkələrindən olan hərbçilərin iştirakı ilə davam edəcək iki həftəlik "Pikne" (İldırım) təlimi Estoniyada başlayır.
Redaktor.az xəbər verir ki, bu barədə Estoniyanın "Postimees" qəzeti məlumat yayıb.
Təlimlərə Estoniyanın müttəfiq gəmilərinin gəlişi və aktiv hava əməliyyatlarının aparılması daxildir. Əsas aksiyalar dekabrın 2-dən 15-dək ölkənin Şimal və Şimal-Şərq bölgələrində keçiriləcək.
"Təlim zamanı Fransa, Britaniya və Estoniya qüvvələrinin sürətlə köçürülməsi həyata keçirilməli və onlar arasında əməkdaşlıq gücləndirilməlidir. Fransa ordusunun bölmələri qüvvələrin Estoniyaya köçürülməsi üçün quru və hava əməliyyatları keçirəcək, ardınca verilən tapşırıqları yerinə yetirmək üçün Britaniya və Estoniya hərbçiləri ilə təlimlər keçirəcək", - general İndrek Sirel bildirib.
Təlimlər çərçivəsində NATO bölmələri qüvvələrin münaqişə zonasına köçürülməsi mexanizmləri üzərində işləyəcək. Hava, quru və dəniz təhlükələrinə qarşı mübarizə aparmaq üçün Estoniyada müttəfiq döyüş qrupuna inteqrasiyaya xüsusi diqqət yetiriləcək.
Təlimlərdə Estoniya, Latviya, ABŞ, Fransa və İngiltərədən 2 minə yaxın hərbçi iştirak edəcək.
Sevinc İBRAHİMZADƏ