Adanada 'Narkoçelik-50' əməliyyatı: 825 kq heroin ələ KEÇİRİLDİ
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Adanada narkotik ticarətinə qarşı həyata keçirilən "Narkoçelik-50" əməliyyatı nəticəsində 825 kiloqram heroinin müsadirə edildiyini və 1 şübhəlinin saxlanıldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Ali Yerlikaya sosial media hesabında paylaşım edərək bildirib ki, əməliyyat Adana Respublika Prokurorluğu və Narkotik Cinayətlərlə Mübarizə Baş İdarəsinin koordinasiyası ilə Adana Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib.
10 ay davam edən istintaq çərçivəsində bir nəqliyyat vasitəsində 1512 qəhvə qutusuna gizlədilmiş 825 kiloqram heroin aşkar edilib.
Yerlikaya əməliyyatı təşkil edən Respublika Prokurorluğunu və polisləri təbrik edərək, narkotik cinayətkarlığa qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
Seymur BƏNNAYEV