"Çaqqal nə qədər hiylə bilirsə, qurd da o qədər yol bilir" - Ərdoğan
"Türkiyə, etnik, dini və məzhəbi kimliyindən asılı olmayaraq, Suriya xalqının sülh içində birgə yaşadığı bir Suriyanın qurulmasını ən böyük arzu və məqsədi kimi görür".
Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial media hesabında yazıb.
Dövlət başçısı daha sonra deyib ki, Suriya bütün etnik, dini və məzhəbi kimlikləri ilə Suriyalılara məxsusdur. Türkiyənin başqa bir ölkənin ərazisində və suverenliyində gözü yoxdur.
Türkiyənin sərhəd xaricində həyata keçirdiyi hərbi əməliyyatların əsas məqsədinin vətəni və vətəndaşlarını terror hücumlarından qorumaq olduğu vurğulanıb.
Bəyanatda qeyd olunub ki, nə PKK, nə də onun Suriyadakı uzantıları Türkiyənin tərəfdaşı deyil, əksinə düşmənidir. Suriya üçün artıq qaranlıq dövrün bağlandığı və yeni, işıqlı bir dövrün başladığı bildirilib.
Türkiyə, qonşu və qardaş ölkə olaraq, Suriya xalqının ölkəni yenidən qurmaq, bərpa etmək və inkişaf etdirmək səylərinə güclü dəstək verməyə hazır olduğunu bəyan edib. İstiqrara qovuşmuş bir Suriya həm öz vətəndaşları, həm də regiondakı digər ölkələr üçün etibarlılıq mənbəyi olacaq.
Bununla yanaşı, bölücü təşkilatın Suriyadakı uzantılarının iğtişaşlardan yararlanmaq cəhdlərinin diqqətlə izlənildiyi vurğulanıb. Türkiyənin mövqeyi isə qətiyyətlidir:
"Çaqqal nə qədər hiylə bilirsə, qurd da bir o qədər yol bilir."
Rəsmi açıqlamada Türkiyənin sərhədlərindən kənarda yeni terror təhlükələrinin yaranmasına əsla icazə verməyəcəyi bir daha vurğulanıb.
Seymur BƏNNAYEV