Prezidentliyə namizəd olmağa hazıram - Suriyada yeni hakimiyyətin lideri
Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa ölkə prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Al Arabiyya" telekanalı məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar və ya onun ətrafındakılar xahiş edərsə, Əhməd əl-Şaraa prezidentliyə namizədliyini irəli sürə bilər.
Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçirdilər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.
Suriya prezidenti Bəşər Əsəd həmin gün ölkəni tərk edib. Bir müddət ki, onun təyyarəsini açıq mənbələr vasitəsilə izləmək mümkün olmayıb. Lakin sonra Rusiyanın TASS agentliyi Kremldəki mənbəyə istinadən onun ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyini, Rusiyanın onlara sığınacaq verdiyini bildirib.
Dekabrın 8-də Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa “TRT Haber” telekanalında keçid hakimiyyətinin formalaşdığını elan edib.