Çin buna görə ABŞ-yə qarşı cavab tədbiri görəcək

 14:17 16.12.2024     124

Çin hakimiyyəti ABŞ-ın hazırkı prezidenti Co Baydenin Çindən gələn fotovoltaik məhsullar və polikristal silikona görə rüsumların artırılması ilə əlaqədar əks tədbirlər görəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

"Amerika tərəfi dərhal səhv hərəkətlərini düzəltməli və Çinə qarşı tarifləri artırmaq qərarını ləğv etməlidir", - deyə ticarət departamentinin saytında dərc edilən bəyanatda vurğulanır: "Çin lazımi tədbirləri görəcək və öz hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək".

Açıqlamada qeyd edilir ki, Vaşinqtonun hərəkətləri Amerika istehlakçılarına zərər verəcək, beynəlxalq ticarət və iqtisadi nizamı ciddi şəkildə pozacaq, həmçinin qlobal təchizat zəncirlərinin təhlükəsizliyinə və sabitliyinə zərər verəcək. "Çin birtərəfli tarif artımları ilə bağlı ardıcıl mövqe tutub. Biz dəfələrlə ABŞ-yə bu məsələ ilə bağlı ciddi bəyanatlar vermişik", - bəyanatda deyilir.

Nazirlik xatırladıb ki, Ümumdünya Ticarət Təşkilatı ABŞ-nin Çin əleyhinə tətbiq etdiyi tariflərin hamılıqla qəbul edilmiş qaydaları pozduğunu qəbul edib. "Onlar təkcə ABŞ-nin ticarət kəsiri və sənayesinin rəqabət qabiliyyəti ilə bağlı problemləri həll etməyəcək, həm də inflyasiyanın artmasına gətirib çıxaracaq", - nazirlik şərh edib.

Xatırladaq ki, "Financial Times" daha əvvəl yazmışdı ki, Bayden administrasiyası Çindən kritik materialların idxalına tarifləri artırmaq niyyətindədir. Qeyd edildiyi kimi, bu tədbirin məqsədi günəş enerjisi bazarında Amerika şirkətlərini daha ucuz Çin məhsullarından qorumaqdır. Xüsusilə, günəş panelləri və polisilisium üçün rüsumlar iki dəfə artırılaraq 50%-ə, tərkibində volfram olan məhsullar üçün isə 25%-ə çatdırılacaq. Yeni tariflər ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtmasından həftələr əvvəl, yanvarın 1-də qüvvəyə minəcək.

Turan İSMAYIL