Bəşər Əsəd ölkədən necə qaçdığını AÇIQLADI
Suriyanın devrilmiş lideri Bəşər Əsəd ölkədən qaçışından sonra ilk dəfə açıqlama verib. O, toqquşmalar zamanı Rusiyanın hərbi bazasına sığındığını və Moskvanın göstərişi ilə oradan çıxarıldığını iddia edib.
Redaktor.az xəbər verir ki, Əsəd bu barədə devrilmiş BƏƏS rejiminə aid rəsmi sosial media hesablarında yazılı açıqlama yayımlayıb.
"Xüsusi təhlükəsizlik səbəblərinə görə" açıqlama verməkdə gecikdiyini bildirən Əsəd, ölkəni tərk etməsinin əvvəlcədən planlaşdırılmadığını və 8 dekabr səhərinədək Dəməşqdə vəzifəsini davam etdirdiyini qeyd edib.
Onun sözlərinə görə, müxalif qüvvələr Dəməşqə yaxınlaşdıqdan sonra Rusiyanın koordinasiyası ilə toqquşmaları idarə etmək üçün Lazkiyəyə gedib. Əsəd əlavə edib ki, Hmeymim Hərbi Hava Bazasına çatdıqdan sonra rejim qüvvələrinin hərbi mövqeləri tamamilə itirdiyi bəlli olub.
Bundan əlavə, Əsəd sığındığı Rus hərbi bazasının pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını iddia edib. O bildirib ki, 8 dekabr axşamı Moskva Hmeymim Hərbi Hava Bazası Komandanlığına onun dərhal Rusiyaya təxliyəsi ilə bağlı göstəriş verib.
Seymur BƏNNAYEV