Yüz milyonlarla dolları mənimsəyən məmur edam edildi
Çində yüz milyonlarla dolları mənimsəmiş məmur edam edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Bəyanatda deyilir ki, 2024-cü il dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan Şəhristanı Aralıq Xalq Məhkəməsi Li Jianpini qanuna uyğun olaraq edam edib.
Qeyd olunub ki, ölüm hökmü ilə bağlı qərarı Ali Xalq Məhkəməsi verib.
Li Jianpin Hohhot iqtisadi və texnoloji inkişaf zonasında Çin Kommunist Partiyasının işçi komitəsinin katibi vəzifəsində çalışıb. İstintaq onun 1,43 milyard yuanı (199 milyon dollardan çox) mənimsədiyini müəyyən edib. O, həmçinin başqalarından 577 milyon yuan (80 milyon dollardan çox) alıb və 1,05 milyard yuanı (146 milyon dollardan çox) mənimsəyib.
Məhkəmə məmuru 2022-ci ildə ölüm cəzasına məhkum edib. Li Jianpin apellyasiya şikayəti verib, lakin ikinci instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Sevinc İBRAHİMZADƏ